Savunma ve Stratejik Analizler

25 Ağustos 2010 Çarşamba

Türkiyə Aerokosmik Sənayesi şirkətinin Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan bütün helikopterləri təkmilləşdirmək imkanı var

Bakı. Rəşad Süleymanov - APA. Türkiyənin ATAK proqramı çərçivəsində istehsal olunan T129 zərbə helikopterlərinin ilk test uçuşlarına 2011-ci ilin yaz aylarında başlanacaq.

Bu barədə APA-ya açıqlamasında Türkiyə Aerokosmik Sənayesi - TAİ (Turkish Aerospace İndustries) şirkəti Birləşmiş Helikopter Sistemlərinin icraçı vitse-prezidenti Əmrə Yazıçı bildirib.

Bu ilin aprel ayından son montaj xəttinin dövrəyə qoşulduğunu deyən TAİ rəsmisinin sözlərinə görə, ilk T129 helikopterlərinin 2013-cü ilin iyul ayında Silahlı Qüvvələrə təhvil verilməsi planlaşdırılır: “Hazırda bununla paralel, Quru Qoşunlarının təcili ehtiyacına görə, daxili təhlükəsizlik əməliyyatlarında istifadə edilmək üçün 9 helikopterin 2012-ci ilin may ayından başlayaraq təhvil verilməsinə dair aparılan müzakirələr yekunlaşmaq üzrədir”.

T129 helikopterinin özəllikləri barədə məlumat verən Ə. Yazıçının sözlərinə görə, helikopter NATO standartlarına uyğun olaraq TAİ tərəfindən istehsal edilir. Silah və aviyonik sistemləri «Apache» və «Tiger» helikopterləri ilə müqayisədə daha üstündür. Xüsusilə hava yüksəkliyi və isti hava şəraitində daşıdığı yük, qarşıya qoyulan tapşırıqların icrasına görə NATO ordularındakı analoqlarından üstünlüklərə malikdir. Eyni zamanda helikopterə az sayda personal tərəfindən qulluq edilə bilir.

Ə. Yazıçı bildirib ki, Azərbaycanın ATAK proqramında iştirakı iki formada mümkündür. Birincisi, TUSAŞ (TAİ-nin ortağı) bağlanacaq müqavilə əsasında Azərbaycan Müdafiə Nazirliyini helikopterlə təmin edə bilər. İkincisi, Azərbaycan tərəfi Türkiyə Milli Müdafiə Nazirliyi ilə razılaşaraq, ATAK proqramına qatıla bilər. Bu halda helikopterin istehsal xərci aşağı düşər və tədarükü ucuz başa gələr.

Ə. Yazıçı TAİ-nin Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan bütün helikopterlərin belə aviyonik təkmilləşdirilməsini asanlıqla həyata keçirmək imkanında olduğunu vurğulayıb: «TAİ bu günə qədər təkbaşına və ya beynəlxalq tərəfdaşları ilə birlikdə mülki və hərbi təyyarələrin, həmçinin helikopterlərin qərb standartında təkmilləşdirilməsini müvəffəqiyyətlə reallaşdırıb. Biz NATO standartlarına keçən Azərbaycanın tədarük və təkmilləşmə ehtiyaclarının qarşılanmasında Türkiyə ilə bir çox sahədə müştərək işlər həyata keçirə biləcəyini düşünürük».

O, Ümumi Təyinatlı Helikopterlərin (Genel Maksat Helikopteri) Tədarükü Layihəsi barədə də məlumat verib. Hazırda «Sikorsky S-70i» və «AgustaWestland AW-149» helikopterlərinin seçiminin aparıldığı tenderin davam etdiyini söyləyən Ə. Yazıçı müvafiq qərarın bu il ərzində qəbul ediləcəyini deyib. Şirkət rəsmisi onu da əlavə edib ki, sözügedən proqram çərçivəsində hərbi və mülki qurumların tələbatına uyğun olaraq 7 konfiqurasiyada ümumilikdə 109 helikopterin tədarükü planlaşdırılır.

http://az.apa.az/news.php?id=196491

Hiç yorum yok:

Yorum Gönder