Savunma ve Stratejik Analizler

15 Nisan 2015 Çarşamba

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu: “Türkiyə təyyarəçilərinin zəngin təcrübəsindən bəhrələnmək lazımdır"

15 Aprel 2015 APA- Ağa Cəfərli - Bakı

“Biz indiyə qədər xarici dövlətdə, o cümlədən NATO ölkəsində təlimlərdə iştirak etməmişdik. Qardaş Türkiyənin təyyarəçiləri zəngin təcrübəyə malikdirlər və onlardan bəhrələnmək lazımdır”.

APA-nın xəbərinə görə bu sözləri “Azərbaycan ordusu” qəzetinə verdiyi açıqlamada Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotu, polkovnik-leytenant Xəlil Yusubov "TurAz Şahini 2015" təlimləri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Xəlil Yusubov bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsində əsl peşəkarlıq göstərərək şərti hava döyüşündə 2 ədəd F-16 təyyarəsi üzərində üstünlük qazanmağı bacarıb: “Türkiyənin Konya şəhərində keçirilən "TurAz Şahini 2015" təlimlərindən ən xoş təəssüratlarla qayıtmışıq. Biz türk qardaşlarımızdan həddindən artıq isti münasibət gördük. Bildiyiniz kimi, bizim Hərbi Hava Qüvvələrindəki sistemlə NATO-dakı sistem tamamilə fərqlidir. Uzlaşma çətin olduğuna görə, demək olar ki, bütün aerodrom bizə kömək etmək üçün səfərbər oldu, yəni öz işlərini bizim fəaliyyətimiz üçün uyğunlaşdırdılar”.

Xəlil Yusubov deyib ki, uçuşlara əvvəlcədən möhkəm hazırlıq keçiblər: “Vəzifələri fərqli olduğuna görə, qırıcılar, hücumçular, həmçinin helikopter pilotları fərqli proqramla hazırlıq keçmişdilər. Müxtəlif hava şəraitində, gecə və gündüz uçuşlar aparmışdıq ki, qarşıdakı təlimlərdə maksimum qüvvə və bacarıqla iştirak edək. Məqsəd həm bacardığımızı göstərmək, həm də NATO ölkəsi kimi Türkiyənin böyük ənənələri olan hərbi təyyarəçilərinin təcrübəsini öyrənmək idi. Bu baxımdan təlim olduqca səmərəli keçdi. Bir ay ərzində biz Konya şəhərində dostluq, qardaşlıq şəraitində bu təlimlərdə həvəs və çalışqanlıqla iştirak etdik. Türkiyə tərəfindən təlimlərə F-4 və F-16 təyyarələri cəlb edilmişdi. Əslində onlarda bort sayı problemi yox idi. Bəzən bir uçuşda havaya 4 döyüş təyyarəsi qaldırılırdı. Təlimin bir mərhələsi də Türkiyə Hərbi Hava Qüvvələrinin naviqasiya qaydaları ilə tanışlıq idi. Belə hesab edirik ki, bu müddət ərzində biz təlimlərin məqsədinə tam nail olduq. Təlimlər zamanı mədəni-kütləvi tədbirlərə də vaxt ayrıldı. Konya Türkiyənin qədim və gözəl şəhərlərindəndir. Biz şəhərin görməli yerlərini, Kapadokiyanı gəzdik, Türkiyənin şərəfli tarixini özündə yaşadan abidələrlə, muzeylərlə tanış olduq”.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq planına əsasən, keçirilən müştərək təlimlərdə Hərbi Hava Qüvvələrimizə məxsus 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum, İl-76 hərbi-nəqliyyat təyyarəsi və 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopteri, eləcə də xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, ümumilikdə 104 nəfərlik heyət müştərək təlimlərdə iştirak edib.
http://az.apa.az/news/379803

Hiç yorum yok:

Yorum Gönder