Savunma ve Stratejik Analizler

28 Ocak 2017 Cumartesi

Türkmənistanın hərbi gəmiləri yeni raket kompleksi ilə silahlandırılıb

28/01/2017 Azeridefence.com

Türkmənistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş katerləri “SIMBAD-RC” zenit-raket kompleksi (ZRK) ilə silahlandırılıblar.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

“SIMBAD-RC” ZRK “SG 111 Arkadağ” və “SG 113 Merdana” sahil mühafizə gəmilərində qurulduğu, yayılan fotolardan bəlli olub.

Türkmənistan HDQ-nın digər gəmilərinin də “SIMBAD-RC”lə təchiz edildiyinə dair isə əlavə məlumat yoxdur.

MBDA şirkəti də 2013-cü ilin fevralın 17-də yaydığı açıqlamada “SIMBAD-RC” ZRK-nin xaricə ixracının həyata keçirildiyinə dair məlumat vermişdi. Lakin şirkət sifarişçinin adını açıqlamamışdı.

Xatırladaq ki, “SIMBAD-RC” (Système Integré de Mistral Bitube d’Auto-Défense – Remotely-Controlled) ZRK-sı MBDA şirkətinin Fransa bölməsində istehsal olunub.

Raket kompleksi distant idarə etməyə malikdir, çəkisi 500 kq-dır. Kompleksə “Safran MATIS SP” termal müşahidə stansiyası inteqrasiya edilib. Kompleks RLS-dən daxil olan informasiya əsasında SMU-RC xüsusi qurğusundan idarə olunur.

Kompleksin sursat arsenalı “Mistral-2” raketləridir. Raketin çəkisi 18,7 kq, atəş məsafəsi isə 6,5 km-dir.

Məlumatda o da qeyd olunub ki, “MBDA İtaliya” şirkəti Türkmənistana silah və sursat təchizatına dair “Tetris” adlı proqram həyata keçirir. Bu proqram çərçivəsində Türkmənistana gəmiəleyhinə “Otomat Mk 2”, yüngül gəmilərə qarşı “Marte Mk 2/N” və “SIMBAD-RC” raket komplekslərinin ixracına başlayacaq.

2016-cı ildə “Marte Mk 2/N” raket kompleksi Türkiyənin “Dearsan Shipyard” şirkətinin tikdiyi gəmilərə inteqrasiya edilib.

Qeyd edək ki, Türkmənistan gəmilərinin “SIMBAD-RC” kompleksinə malik olması ölkə prezidenti Qurbanqulu Berdimühəmmədovun da iştirakı ilə keçirilən mərasimdən çəkilən şəkillərdən bəlli olub.

http://az.azeridefence.com/turkmenistanin-herbi-gemileri-yeni-raket-kompleksi-ile-silahlandirilib-foto/

Hiç yorum yok:

Yorum Gönder